Cəlilabad rayonunun Bəcirəvan kəndində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirmiş, rəşadətlə döyüşərək şəhid olmuş qəhrəmanların – Qafarov Rəşid Əlisəfa oğlunun, Nadirov Nicat Hüseyn oğlunun, Rzayev Elşən Dadaş oğlunun, Abasov Ayaz Nizami oğlunun, İsayev Təbriz İsabala oğlunun, Şərifov Mirnağı Qasım oğlunun və Hüseynov Fərid Fətəli oğlunun şərəfinə xatirə abidə kompleksi tikilib.
Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, şəhid ailəsi üzvləri, sakinlər və məktəblilər iştirak edib. Abidənin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vurğulanıb ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla anıblar.