"Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib".
“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq", - o əlavə edib.