Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda deyilir:
"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş vermişdir.
Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.
Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olmuş, ümumilikdə 27 nəfər mülki şəxs yaralanmışdır.
Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.
Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq".