Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdam rayonunda olub.
“Report” xəbər verir ki, qonaqlara İmarət kompleksi haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalmış tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır.
Pavilyona baş çəkmiş qonaqlara şəhərin ətraflı restavrasiya planı haqqında məlumat verilib.
Əvvəllər Bakıda yaşamış və Bakı-Tiflis-Ceyran layihəsində hüquqşünas kimi fəaliyyət göstərmiş isveçrəli Kerren Siniggerin sözlərinə görə, Azərbaycan tarixinin belə bir mühüm dövründə Ağdamda olmaq onun üçün xüsusi əhəmiyyət kəsb edir.
“Azərbaycanın bu (işğaldan azad edilmiş) torpaqlarına ilk dəfədir ki, ayaq basıram. Burada olmaq mənim üçün imtiyaz kimidir”, - o deyib.
Səyahətçilər həmçinin Ağdam Cümə məscidi və dağıdılmış Çörək muzeyi ilə tanış olublar.
Bundan sonra onlar Şuşa şəhərinə yola düşüblər.