"Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında Brüsseldə baş tutmuş üçtərəfli görüş Cənubi Qafqaz regionunda sülhün əldə olunmasına yeni təkan verəcək".
Bunu “Report”a Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüşün təşkilində Aİ-nin səyləri və rolu alqışalayiqdir.
“İnanıram ki, Azərbaycanın qətiyyəli siyasəti və ölkə rəhbərlərinin uzaqgörənliyi sayəsində aprelin sonunadək dövlətlər arasında zəruri razılıq əldə olunacaq. Bununla belə, Ermənistan gərginliyi azaltmaq üçün öz tərəfindən çeviklik nümayiş etdirməlidir. Bu vacib dövrdə xeyli yeni hadisələr baş verir”, - o deyib.
Ekspert regionda sabitliyi təmin etmək və digər ölkələrlə münasibətlər qurmaq üçün Ermənistanı Azərbaycanla əməkdaşlıqda konstruktiv rol oynamağa çağırıb.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.