Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib.
"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir.
V.Kərimov qeyd edib ki, işğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub:
"Peyk təsvirlərinə əsasən işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar".