Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində erməni əsirliyində olmuş azərbaycanlı hərbi qulluqçuların iştirakı ilə mətbuat konfransı keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib ki,Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində düşmən məğlub edilib:
“Şəhidlərimizin qanı yerdə qalmayıb və qisası alınıb. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilir. Üçtərəfli bəyanata uyğun olaraq sonuncu proses dekabrın 28-də baş tutub. İndiyədək Azərbaycanda saxlanılan erməni milliyyətli 58 şəxs geri verilib. Onlardan 33-ü hərbçi, 25-i mülki şəxsdir. Azərbaycanda hələ 5 erməni əsilli şəxs var. Onlardan 2-si hərbçi, 3 mülki şəxsdir. Qarşı tərəfdə isə 2 mülki Azərbaycan vətəndaşı saxlanılır. Həmin şəxslər barədə isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib”.
Erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib ki, əsirlikdə olan zaman ağılasığmaz işgəncələrə məruz qalıb: “Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi təkrarla. İstəyirsən, o biri gözünü də çıxaraq? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər spirti dərimizin altına vurmuşdular ki, qolumuz qapqara idi”.
Əsirlikdən qayıtmış hərbi qulluqçu Həmidov Nahid Yaşar oğlu isə bildirib ki, əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanılıb: “Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular. Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, bunlarla fəxr etdiklərini deyirdilər. Vətənə qayıtdığım üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Daha sonra çıxış edən Əliyev Anar Hidayət oğlu qeyd edib ki, əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmayıb: “Həkimlər qolumu yanıdırdılar, işgəncə verirdilər. 12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Erməni əsirliyində olmuş digər azərbaycanlı hərbi qulluqçular ermənilərin onlara verdikləri işgəncələr, məruz qaldıqları qeyri-insani davranışlarla bağlı faktları açıqlayıblar. Sonda isə jurnalistlərin suallarını cavablandırıblar.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü hərbi qulluqçuları mətbuat konfransı keçirir.
“Report”un xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutan tədbirdə ermənilərin Azərbaycan hərbçilərinə verdikləri işgəncələrə, məruz qaldıqları qeyri-insani davranışa dair faktlar açıqlanır.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki vətəndaş erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilib.