“Sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisi yaşadığı yerlərdə mütəmadi olaraq hücuma məruz qalır. Bunun nəticəsi olaraq 60-dan çox mülki şəxs öldürülüb, onlardan 10-u uşaqdır. Həlak olanlardan biri də Rusiya vətəndaşıdır. Bu da onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi insanlığa qarşı cinayətkarlığa qərar verib. Amma unutmamalıdırlar ki, törətdikləri hər bir cinayətə görə məsuliyyət daşıyacaqlar”.
Bu fikirləri “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.
O bildirib ki, bundan əlavə, Ermənistanın təcavüzü nəticəsində xeyli sayda mülki obyekt dağıdılıb. Bunların da arasında məktəblər, bağçalar və digər mülki obyektlər mövcuddur.
Ekspert Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı həyata keçirdiyi hücumların insanlığa qarşı hərbi cinayət olduğunu əsaslandıraraq bildirib ki, Ermənistan buna görə məsuliyyət daşımalıdır: “İlk olaraq, bu, davamlı şəkildə mülki əhaliyə yönəlir. Bu da məqsədli olaraq həyata keçirilir. Belə ki, mülki əhaliyə qarşı ballistik raketlər, kasset bombalardan, qadağan olunmuş silahlardan istifadə cinayətkarlığın bariz nümunəsidir. Ermənistan buna görə məsuliyyət daşımalıdır və məsələyə hüquqi qiymət verilməlidir. Hazırda BMT-nin Təhlükəsizlik Şurasında bununla bağlı məsələ qaldırılıb. Azərbaycan hökuməti tərəfindən (Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) beynəlxalq təşkilatlara hökumətin hesabları, müraciətləri və bəyanatları təqdim edilib. Hüquqi qiymətin verilməsi ilə bağlı vacib addımların atılması gözlənilir. Beləliklə, insanlığa qarşı cinayət və humanitar hüququn pozulması ilə bağlı Ermənistan hökumətini idarə edən və bu qərarları verən şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir. BMT-nin strukturuna əsasən, iqtisadi, diplomatik və digər sanksiyaların qəbul edilməsi mümkündür. Bunun üçün də bu gün diplomatik səviyyədə danışıqlar aparılır. Əsas məqam ondan ibarətdir ki, uşaq hüququ pozulur. Cenevrə konvensiyalarının normalarında əks olunub ki, mülki əhaliyə qarşı hər hansı hücum yolverilməzdir. Bu, humanitar hüququn pozulması deməkdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini atəşə tutması ilə bağlı faktlara beynəlxalq tribunalda baxılmalıdır”.