Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş fəsadlarla bağlı həyata keçirdiyi əməliyyatlara dair məlumat yayıb.
FHN-dən “Report”a daxil olan məlumatda deyilir:
“Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini - döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir.
Ümumilikdə, qeyd edilən dövrdə 21 fərdi yaşayış evi, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, habelə, qəbristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın hadisəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri səfərbər edilib. Qeyd edilməlidir ki, bir sıra hallarda yanğın baş vermiş ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə operativ müdaxiləsi mümkün olmayıb.
Bundan əlavə, xəsarət almış 9 nəfər və 2 cəsəd düşmənin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, əhalinin fövqəladə hallara hazırlığı məqsədilə Nazirlik tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarına dair mütəmadi maarifləndirmə işləri aparılır. Ümumtəhsil, orta ixtisas və ali təhsil, tibb, istehsalat, turizm və digər müəssisələrdə, habelə KİV və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri sayəsində fövqəladə hallarla bağlı müvafiq davranış vərdişlərinin formalaşması təmin olunur. Həmçinin, əhalinin mülki müdafiə sahəsində hazırlığı və maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən mülki müdafiə kursları və məşğələləri təşkil edilir, kompleks mülki müdafiə təlimləri, cəbhəboyu zonalarda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri və digər tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur”.