“Cənubi Qafqaz regionunda Ermənistan-Azərbaycan münaqişəsinin bu vəziyyətə gəlib çıxması beynəlxalq diplomatiyanın uğursuzluğunun nəticəsidir“.
Bunu "Report"un yerli bürosuna Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye bildirib.
Onun sözlərinə görə, bu günədək ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi yanaşsaydı, bugünkü vəziyyət fərqli olacaqdı: “Hələ 1994-cü ildə Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu yaradılıb ki, Dağlıq Qarabağ münaqişəsini həll etsin. Bu müddət ərzində danışıqlar baş tutsa da, irəliləyiş əldə olunmayıb. Bu gün bu diplomatiyanın uğursuzluqlarının ağır nəticələri yaşanılır“.
A.Vilye ölkələri tezliklə Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb: “30 ildir vəziyyətin dəyişmədiyini görən insanlarda bir inamsızlıq, ümidsizlik yaranıb".