Hazırda Şuşaya qar yağmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirirlər

Hazırda Şuşaya qar yağmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirirlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.
Qarabağ
10 Yanvar , 2023 15:06
Hazırda Şuşaya qar yağmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Şuşa şəhərinə qar yağması dinc aksiyaya qoşulan ekofəalların istəklərinə heç bir əngəl yaratmır, tələblər dəyişməz olaraq qalır, hazırda onlar yüksək əhval-ruhiyyədədirlər.

Aksiya iştirakçıları davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıblar.

Eyni zamanda ekoaktivistlər və gənc könüllülər toplanış yerində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Həmişəki kimi, yenə də etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin edilir, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunun hər iki istiqamətində Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 17 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 30 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi