“Monitorinqə gələn azərbaycanlıların qarşısını kəsən Rusiya sülhməramlılarının arasında ermənilər də var. Əgər onlar güc tətbiq etsələr qarşılarında bizi görəcəklər”.
Bunu “Report”a açıqlamasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçılarından olan Ekologiya vəTəbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva deyib.
O qeyd edib ki, Azərbaycan sərvətləri talanır: “Bir neçə yataq erməni separatçılarının nəzarəti altında qalıb. Ölkəmizin qızıl və gümüş yataqlarının talan olunduğunun şahidiyik. Bütün bunları bilirik və bunlara etiraz etmək üçün gəlmişik. Sülhməramlılar imkan verməlidirlər ki, həmin yataqlarda monitorinq keçirək. Qeydiyyatda olan həmin yataqların hamısı Azərbaycan sərvətidir. Biz də sərvətlərimizin geri qaytarılmasını istəyirik”.
A.Əliyeva söyləyib ki, monitorinqə gələn azərbaycanlıların qarşısını kəsən Rusiya sülhməramlılarının arasında ermənilər də var: “Əgər onlar güc tətbiq etsələr qarşılarında bizi görəcəklər. İnanmıram ki, onlar bu hünərə sahib olsunlar. Çünki qorxaqlıqları simalarından hiss olunur. Bizim yolumuz haqq yoludur, haqqımızı tələb edirik. Biz onlardan başqa nəsə tələb istəmirik və gözləmirik. Onların bizim yolumuzu kəsməyə haqları yoxdur. Hazırda Xankəndi yolu bağlıdır. Heç bir qüvvə, əlisilahlı sülhməramlı bizi qorxuda bilməz. Vətənpərvər Azərbaycan xalqı bu gün öz torpaqlarını geri istəyir”.