“Birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik edirdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edərkən deyib.
“Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, eyni zamanda bütün dünya üçün mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər davam edən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”, - dövlət başçısı bildirib.