"BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi kimi ciddi bir platformada qələbə qazanan Azərbaycan Ermənistanın irəli sürdüyü ittihamların əsassız olduğunu sübuta yetirib".
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət eksperti Mixail Finkel bildirib.
“İstər beynəlxalq hüququn tələbi, istərsə də müasir dünyanın ümumi qaydaları nöqteyi-nəzərindən Ermənistan Azərbaycan, türk və islam fobiyasının hər cür nümunələrinə, bütövlükdə millətçiliyə, şovinizmə, antisemitizmə qarşı mübarizə aparmalıdır. Amma gerçəklikdə Ermənistanın quru sözlərdən və boş vədlərdən başqa heç bir iş görmədiyi aşkardır” – deyən ekspert qeyd edib ki, bunun müqabilində Ermənistan mediası və sosial şəbəkələrində Azərbaycana qarşı nifrəti qızışdıran fikirlər baş alıb gedir. Həmçinin Türkiyəyə qarşı da ədavət nümunələrinə rast gəlmək olur, son vaxtlar isə İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləmiş İsrailə qarşı nifrət və antisemitizm yayılır.
“Biri var bu hallara qarşı tədbir görüləcəyinə dair vədlər vermək, biri də var konkret iş görmək. Ermənistan bundan sonra da bu məsələ ilə bağlı heç nə etməsə, təəccüblü deyil. Çünki Ermənistan təməlindən neofaşist, daşnakların ideologiyası üzərində qurulan dövlətdir. Orada Qaregin Njde kimi terrorçular milli səviyyədə tərənnüm olunur. Bu cür “milli qəhrəman”ları olan, ta kiçik yaşdan gənclərin beyinlərinə yeridilən bu ideologiyanı rəhbər tutan ölkədə insanların birdən-birə dəyişib Azərbaycan və bütövlükdə əcnəbi fobiyasına qarşı mübarizə aparacaqları inandırıcı deyil” – deyə israilli ekspert vurğulayıb.