Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə məqalə yayıb.
"Report" xəbər verir ki, “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat öz əksini tapıb.
Qeyd edilib ki, Azərbaycanın qələbəsi və 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Fizuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın möhkəm etnik əlaqələrə malik olduğu Türkiyənin dəstəyi ilə inşa edilən yeni aeroportun strateji əhəmiyyət daşıdığı, Ermənistanın işğalçı siyasətinə qarşı yönəldiyi də yazıda qeyd edilir.
Bildirilir ki, tikinti işləri ötən ilin sentyabr-noyabr aylarında baş tutmuş müharibə nəticəsində azad edilən Fizuli rayonu ərazisində aparılır. Agentliyin müxbirinin həmin əraziyə fevralın 27-də səfəri zamanı burda ağır texnikanın işləməsinin şahidi olduğu qeyd edilir.
Bu ərazidə Azərbaycan hökumətinin qərarı ilə inşa edilən uçuş-enmə zolağının 3 min metr uzunluğunda olacağı, beynəlxalq status daşıyacağı qeyd edilir. Məqalədə Fizuli rayonunun coğrafi mövqeyinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində yerləşən Fizuli rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən ələ keçirilib. Bu ərazidə yaşayan insanlar qovulub, yaşayış məskənləri isə dağıdılıb. Bildirilir ki, hazırda inşa edilən aeroportun kənarında dağılmış evlər, üzüm tarlalarının qalıqları aydın görünür.
Məqalədə aeroportun yaxınlığında yarımstansiya və magistral yolun da inşa edildiyi qeyd edilir. Bu magistral yol aeroportu Dağlıq Qarabağın əsas yaşayış məntəqəsi hesab olunan Şuşa şəhəri ilə birləşdirəcək. Yolun inşası isə 2022-ci ilədək yekunlaşacaq.
Yazıda həmçinin vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Bundan əlavə, qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.