“Azərbaycan multikulturalizm və dözümlülükdə uğurlu nümunələrdəndir”.
Bunu “Report”a Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Tural Ağayev Hadrutda jurnalistlərə bildirib.
“Azərbaycan vətəndaşı və katolik kimi deyə bilərəm ki, ölkəmizdə həm dinlər, həm də xalqlar arasında münasibətlər nümunəvidir. Bu həqiqət ən yüksək səviyyədə, o cümlədən Roma papası Fransis tərəfindən dəfələrlə təsdiq olunub. Ölkəmizdə etiqad azadlığı tam təmin olunub və bu mənada biz xoşbəxt xalqıq” - o qeyd edib.
Hadruta səfərin təəssüratlarını bölüşən mətbuat katibi deyib:
“Yaşadığımız hissləri sözlə ifadə etmək mümkün deyil. Həm sevinc, həm iftixar, həm də buraya gələ bilməyimizin nələr bahasına başa gəldiyini düşünəndə insanı kədər hissi bürüyür. Şəhidlərimizi unutmuruq və buraya gəlməkdə bir məqsədimiz də onlara tanrıdan rəhmət diləmək, dua oxumaqdır” – deyən katolik kilsə sözçüsü bu torpaqlara həyatı qaytarmaq üçün görüləcək çox iş olduğunu da vurğulayıb.
Xatırladaq ki, ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər. Bu səfər Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən Pasxa bayramı münasibətilə təşkil olunub.