Kolumbiyanın nüfuzlu “NTN24” televiziya kanalının “El mundo a esta hora” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj, bu ölkədəki səfirimiz Məmməd Talıbovun mövzu ilə əlaqədar müsahibəsi yayımlanıb.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, diplomat müsahibədə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların 30 ilə yaxın idi Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və 1 milyon azərbaycanlının etnik təmizləməyə məruz qalaraq öz yurdlarından qovulduğunu deyib. Səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə də 27 ildir işğalçı dövlət tərəfindən əməl edilmədiyini bildirib.
Əldə olunan razılaşmanın Ermənistan tərəfində olan narazılıq fonunda uğurlu olmasının mümkünlüyü ilə bağlı suala cavabında diplomat yaranmış durumun Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin hərbi-siyasi rəhbərliyinin illərdir işğalın nəticələrini gücləndirmək siyasəti güddüyünü, öz xalqını aldadaraq onu barışığa hazırlamaq yerinə işğalın nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.
İmzalanan bəyanatın pozulması və hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə bağlı suala münasibətdə diplomat Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozaraq münaqişə zonasından kənarda yerləşən şəhərləri atəşə tutduğunu, bu zaman 94 nəfər mülki sakinimizin ölümünə, 400-dən çox insanın yaralanmasına səbəb olduğunu, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi terrorçu təşkilatlara sahib olduğunu, bu baxımdan qarşı tərəfdən təxribat və terror aktları təhlükəsinin diqqətdə saxlanıldığını, hazırda isə Rusiya və Türkiyənin də atəşkəs rejiminə və bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət etdiyini nəzərə alaraq, sülhün davamlı olacağına və Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkərək razılaşmanın tələblərinə riayət edəcəyinə ümidvar olduğumuzu bildirib. Qeyd edib ki, bundan sonra Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, erməni xalqı da qonşu xalqlarla barışıq içində yaşamağı öyrənməlidir.
İşğaldan azad edilmiş ərazilərin ermənilər tərəfindən tamamilə məhv edildiyini deyən səfir Azərbaycan hökumətinin bölgəyə sərmayə yatıracağı və burada həyat üçün zəruri şəraiti yaradacağını, sonra isə son 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıtmasının nəzərdə tutulduğunu söyləyib.
Reportajda münaqişənin tarixi, son hərbi əməliyyatların nəticələri və atəşkəs bəyanatının şərtləri haqda məlumat verilib və hazırda ermənilərin işğal olunmuş ərazilərimizi tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.