ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdə
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilərin fəaliyyətinin qiymətləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin səbəb və nəticələri, regionda yeni şəraitin yaranması və mövcud vəziyyətdə qarşıda duran vəzifələrə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cənab Prezidentin nitqində həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq mesajlar vardı.
"Report" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail olub, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub: "Azərbaycan 30 ilə yaxın müddətdə Minsk Qrupu həmsədrlərindən ədalətli mövqe gözlədi, lakin görmədi. Bu müddət ərzində vasitəçilər israrla münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü iddia edirdilər. Eyni zamanda status-kvonun da sonsuza qədər davam etməyəcəyini bəyan edirdilər. Lakin status-kvonun dəyişdirilməsi ilə bağlı konkret addımlar atmadılar. Prezident İlham Əliyev isə Azərbaycanın sonsuza qədər bu vəziyyətlə barışmayacağını bildirərək, heç zaman hərb variantını istisna etmirdi".
Azərbaycan göstərdi ki, status-kvo güc yolu ilə, səylərin səfərbər olunması, xalqımızın həmrəyliyi, ordunun gücü ilə dəyişdirilə bilər: "Azərbaycan haqlı olduğunu göstərdi. Azərbaycan status-kvonu dəyişdirəndən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin məhz öz təşəbbüsləri ilə regiona səfərinə sadəcə, Azərbaycan tərəfi etiraz etməyib. Lakin bundan sonra həmsədrlər hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə vasitəçilər regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Əslində, vasitəçilər indi buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə bilər. Amma fərdi olaraq Minsk Qrupu üzv dövlətləri, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı, o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir".