Fransanın məşhur “Le Monde” nəşrində hərbi ekspert Lui Qotiyenin (fr.Louis Gautier) “PUA-lar müharibəsi” başlıqlı məqaləsi dərc edilib.
“Report” xəbər verir ki, müəllif Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) gücünə, effektivliyinə toxunub.
Yazıda Türkiyədə 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğan hökumətinin ordu quruculuğu və hərbi sənayenin inkişafına xüsusi əhəmiyyət verməyə başladığı qeyd edilib.
Vurğulanıb ki, Türkiyə hərbi qüdrətini, eləcə də hərbi sənaye-ixrac imkanlarını artırıb, ənənəvi silahlara aletrnativ olan yeni nəsil silah və sistemlərdən istifadə edərək mühüm üstünlük əldə edib.
Bu da ölkənin silah ixracını gündən-günə artırması, onun təsir imkanları coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Bu kimi yeni nəsil silahların istifadəsi ümumi qəbul olunmuş müharibə ssenarisi və nəzəriyyələrini alt-üst edib, habelə daha ucuz başa gələn bu sistemlərlə böyük məbləğə başa gələn silah sistemlərinin məhv edilməsi ilə daha da əhəmiyyət kəsb etməyə və əvəzedilməz vasitəyə çevrilməsilə şərtləndirib.
Yazıda o da bildirilib ki, 2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub.
Məqalədə həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda PUA-lar “zemlya-zemlya" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də vurğulanıb.
Hərbi ekspert xüsusi olaraq Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq nəticəsində Ermənistan tərəfinin ağır itkilər verdiyi də qeyd edib.
Nəşr bildirib ki, hələlik Türkiyənin dron sistemlərinə yalnız Azərbaycan və Qətər malikdir. Növbəti ölkələrin isə Polşa və Ukrayna olması gözlənilir. Latviya da bu sistemləri almaqda maraqlıdır. PUA-ların Qarabağda mükəmməl tətbiqi dünyanın bir çox hərbi qərargahlarını, o cümlədən Fransanı narahat edir.