Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasındakı telefon söhbəti zamanı Qarabağdakı humanitar vəziyyətə dair müzakirə aparılıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında bildirilir.
Rusiyalı nazir deyib ki, azərbaycanlı və erməni məcburi köçkünlər beynəlxalq humanitar hüququn müddəalarına tam uyğun şəkildə könüllü və təhlükəsiz şəkildə öz ev-eşiklərinə qayıtmalıdırlar: “Əlbəttə, əvvəlki yaşayış yerlərində məskunlaşmaqda, xüsusilə də həmin yerlərdə hərbi əməliyyatlar gedibsə və orada bərpa işlərinə ehtiyac varsa, müvafiq yardımlar göstərilməlidir. Bu gün bu barədə söhbətimiz oldu. Beynəlxalq təşkilatlar bu məsələyə töhfə verə bilər”.
Bütün tərəflərlə təmasda olduqlarını söyləyən BQXK rəhbəri maksimum dərəcədə səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu söyləyib.