"Fransa Senatının qəbul etdiyi qətnamə simvolik xarakter daşıyır".
Bunu "Report"un yerli bürosuna fransalı tarixçi Maksim Qoən (Maxime Gauin) Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında dünən qəbul olunmuş qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qətnamənin heç bir hüquqi əsası yoxdur: "Bu məcburi olmayan bir qətnamədir. Məcburi olmayan qətnamələrin parlamentdə qəbul olunmasına baxmayaraq, çox nadir hallarda onlar hökumət tərəfindən nəzərə alınır. Konstitusiyaya əsasən, hər hansı bir dövləti tanıyıb-tanımamaq hökumətin, Xarici İşlər Nazirliyinin səlahiyyətindədir. Ölkə parlamenti bu məsələdə heç bir hüquqa malik deyil. Beləliklə, Fransa Senatının qəbul etdiyi qətnaməyə simvolik nəsə ad vermək olsa belə, hüquqi baxımdan onun heç bir qüvvəsi yoxdur".
M.Qoən qətnamənin Fransa hökuməti tərəfindən tanınmayacağını düşünür: "Azərbaycan parlamenti Fransa ilə iqtisadi münasibətləri dondurmaq barədə fikirləşir. Ona görə də Fransa hökumətinin bu məsələyə qəti reaksiya verməsinin vaxtı yetişib. Hökumət mövqeyinin dəyişmədiyini, Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını bir daha təsdiqləyib, beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini bir daha dəstəklədiyini bildirib. Lakin hökumət bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirməlidir. Yalnız bu zaman Azərbaycan tərəfindən bədnam qətnamə unudula bilər".