İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrdə, o cümlədən Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur.
Tarix elmləri doktoru, professor, arxeoloq Əsədulla Cəfərov işğaldan azad edilmiş Xocavənd rayonuna səfər edən "Report"un çəkiliş qrupuna açıqlamasında bildirib ki, bu tədqiqatlarda Azərbaycana dəvət ediləcək xarici ölkə alimləri də iştirak edəcəklər.
Ə.Cəfərov deyib ki, Xocavənd rayonunda dünya əhəmiyyətli arxeoloji abidələrdən olan Azıx və Tağlar mağaraları yerləşir: “Azıx mağarasında həmçinin 700 min il bundan əvvələ aid ocaq izləri tapılıb. Bu ocaqlar kənardan daşlarla əhatə olunub. Mağaradan tapılmış 5 ocaq yerindən güman edilir ki, insanlar oddan təkcə yemək hazırlamaq üçün deyil, həm də onu qoruyub saxlamaq üçün istifadə edirmişlər”.
Azıx mağarasında aparılan araşdırmaların canlı şahidi olan Xocavənd rayonunun Tuğ kənd sakini Ramiz Cahangirov deyir ki, mağarada tədqiqatların aparılması təşəbbüsünü onun atası Bəşir Cahangirov irəli sürüb: “Atam Elmlər Akademiyası və Tarix institutuna dəfələrlə məktubla müraciət edib. Nəticədə arxeoloqlar Azıx mağarasında tədqiqatlar aparıblar”.
Məlumat üçün bildirək ki, 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf edib.
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum olub ki, onun ən azı 350-400 min illik bir tarixi var.
Mağara 10 təbəqə, 5 salondan ibarətdir, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir.
Video: Vüqar Xanlarov
Montaj: Rəvan Novruzov