"44 günlük müharibə başa çatandan sonra ötən bir il ərzində regionda geosiyasi gərginlik xeyli səngiyib".
Bunu “Report”a Atlantik Şurası (Atlantic Council) beyin mərkəzinin baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.
Müharibədən əvvəl regionda gərginliyin böyük olduğunu xatırladan ekspert qeyd edib ki, 2019-cu ilin payızında Ermənistan müdafiə naziri artıq ATƏT-in Minsk qrupu formatını qəbul etmədikləri barədə bəyanat verib: “Ermənistan tərəfinin regionda gərginliyin qalmasını, bəlkə də müharibə olmasını istədiyi göz qabağındadır”.
Həmçinin 2020-ci ilin iyul ayında Azərbaycan ilə Ermənistan sərhədində toqquşmalar baş verdiyi, Minsk qrupu üzvlərinin isə passiv qaldıqları dilə gətirilib.
“Ermənistan tərəfi bəlkə də Azərbaycanın Türkiyə və İsraillə əməkdaşlıq edərkən ordusuna yeni taktika və texnologiya gətirdiyindən xəbərsiz olub və müharibədə qalib gələ biləcəyini güman edərək böyük səhv etdiyi birmənalıdır. Daha bir müharibə barədə bəhs etmək mümkün deyil, çünki Ermənistan bunu bacarmaz, Azərbaycan isə istəmir” – deyə diplomat qeyd edib.
Ekspertin sözlərinə görə, Ermənistan 10 noyabr tarixli üçtərəfli bəyanatdakı regionda nəqliyyat yollarının açılması barədə bəndi yerinə yetirməyin onlara sərf etməsini tezliklə dərk edəcək. Ekspertin qənaətincə, belə olsa, Ermənistan yenidən regional iqtisadiyyata inteqrasiya olmaq imkanı qazana bilər ki, nəticədə ölkə iqtisadiyyatı inkişaf edər.