"Azərbaycanla Ermənistan arasındakı münaqişəni yoluna qoymaq məqsədi daşıyan mövcud beynəlxalq vasitəçilik mexanizmi səmərəsiz görünür".
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza “Ermənistan - Azərbaycan münaqişəsindəki diplomatik boşluğu Rusiya və Türkiyə doldura bilər” sərlövhəli məqaləsində bildirib.
“Ötən ay Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ uğrundakı münaqişə ərzində 1994-cü ildəki atəşkəsdən sonrakı dövrün ikinci ciddi hərbi əməliyyatları keçirildi. Bu son toqquşmalar nəticəsində bəlkə də yeni təhlükəli geosiyasi dinamika ortaya çıxdı, yəni strateji nəqliyyat xətləri yaxınlığında ağır silahlardan atəş açılması, Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurma, müvafiq vasitəçilik mexanizminin yoxluğu kimi amillər gündəmə gəldi. ABŞ və Avropa İttifaqı liderlik etmədikləri bir vaxtda Türkiyə ilə Rusiya Azərbaycan və Ermənistanı döyüş meydanından danışıqlar masasına doğru qaytara bilərlər”, – müəllif yazıb.
Onun fikrincə, Rusiya və Türkiyə ilə bir çox cəbhələrdə kəskin ziddiyyətləri olan Birləşmiş Ştatlar və onların avropalı müttəfiqləri buna baxmayaraq belə bir foruma rəvac versələr və onu yaratsalar, müdrik addım atarlar:
"Bunun alternativi Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı həyəcanın artması və hərbi qarşıdurma ola bilər... Hətta məhdud hərbi əməliyyatlar nəticəsində belə NATO və Avropa İttifaqının xeyli asılı olduqları strateji aktivləri sıradan çıxara bilər. Bu vəziyyətdən faydalanan yalnız Rusya, İran, bəlkə də “Kəmər və yol” təşəbbüsünü irəli aparmağa çalışan Çin olacaq".