“Artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb. Bunu təsdiqləmək üçün üçtərəfli bəyanata baxmaq kifayətdir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, artıq Ermənistan dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirir: “Ölkəmiz ərazisindən öz qoşunlarını çıxarır. Kompensasiya ilə bağlı da dövlətimiz tərəfindən müvafiq araşdırmalar aparılır və müvafiq addımlar atılır”.
N.Səfərov bildirib ki, Azərbaycanın mədəni sərvətlərinə vurulmuş ziyan ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi konteksində qiymətləndirilməlidir: “Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı Qərb ölkələri iştirak etməlidirlər. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.
Deputat onu da vurğulayıb ki, Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur: “Ermənistan beynəlxalq hüquqa məsuliyyətsiz yanaşır”.