“UNESCO və bir sıra QHT Azərbaycan ərazisində erməni irsi məsələsini qabardır. Buna cavab olaraq işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış məscid və Azərbaycana məxsus digər mədəni abidələrlə bağlı faktlar mövcuddur”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qarabağdakı mədəni irs məsələsini şərh edərkən söyləyib.
“Həmçinin Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıq, məscid və digər mədəni irsə dair məsələlər aktualdır. Ona görə də hesab edirəm ki, UNESCO missiyası həm Ermənistana, həm də Azərbaycan səfər etməlidir. Bu çox prinsipial məsələdir. Biz bu problemin qabardılmasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki irsin dağıdılması ilə məhdudlaşdırılmasına imkan verməməliyik. UNESCO bu cür kompleks yanaşmanı qəbul etməzsə, onun missiyasının Azərbaycana səfəri də məqsədəuyğun deyil. Qərb demokratiyası, o cümlədən ABŞ UNESCO-nun məhz mədəni irslə bağlı təktərəfli yanaşmasına görə bu təşkilatdan çıxıb”, - mərkəz sədri vurğulayıb.