Azərbaycan Ordusu bir il əvvəl xalqımızın 30 illik torpaq, yurd-yuva həsrətinə son qoydu. Sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı erməni işğalında qalan torpaqlarımız qəhrəman igidlərin qanı, canı bahasına qarış-qarış azad edildi. Hər gün gələn şəhid xəbərlərinə kədərlənən ürəyimiz, qələbə sorağı ilə daha da çoşdu, həyəcanlandı. Ağlımıza gətirə bilmədiyimiz hadisələrə şahidlik etdik. Ard-arda qələbələrə sevinən Azərbaycan xalqı şəhidlərinin xatirəsini hər zaman əziz tutacaq və yad edəcək.
“Report”un haqqında məlumat verəcəyi qəhrəmanlardan biri Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi Ramil Musayevdir. O, 1991-ci ilin mayın 6-da İsmayıllı rayonunda anadan olub.
Şəhidin qardaşı Ramal Musayev deyir ki, Ramil 11 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Onun sözlərinə görə, qardaşı həmin müddətin 3 ilə yaxınını Milli Orduda, 8 ilini isə Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı gizir kimi işləyib:
"Ramilin Vətən sevgisi onu hərbçi etmişdi. Xidməti boyunca həmişə xüsusi bacarıqları ilə fərqlənib. 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Goranboy, Talış kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. Vətən müharibəsi başlayan gündən də ön sıralarda olub. Müxtəlif istiqamətlərdə döyüşsə də, oktyabrın 3-də Cəbrayıl uğrunda gedən şiddətli döyüşlər vaxtı manqası ilə birgə pusquya düşüblər. Elə orada düşmənin “Kalaşnikov” avtomatından açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Səhəri, onu dəfn etdiyimiz gün Cəbrayıl azad edildi. Bu, qardaşım və silahdaşlarının qanı-canı bahasına olub".
Şəhid Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ramal Musayev qeyd edir ki, atası da qardaşının şəhid xəbərindən sarsıldığı üçün çox keçmədən dünyasını dəyişib:
“Qardaşım müharibədə olan vaxtlarda tez-tez əlaqə saxlaya bilmirdik, nigaran qalırdıq. Amma ara-sıra yoldaşı ilə, ata-anamla danışanda vəziyyətinin yaxşı olduğunu deyir, geri dönəcəyinə bizi arxayın salırdı. Buna görə elə bilirdik ki, Ramilə heç nə olmayacaq. Sağ salamat qayıdacaq. Çünki o, Aprel döyüşlərini görmüşdü, çox təlimlərdə iştirak etmişdi. Yəni düşünürdük ki, o qədər çətinliklərdən çıxan bundan da dönəcək. Elə buna görə də şəhid xəbəri gələndə inana bilmirdik. Dəfndən bir neçə gündən sonra atamın səhhətində ciddi narahatlıqlar, ürəyində problemlər yarandı. O, həm də astma-bronxit xəstəsi idi. Xəbərdən sonra daha da pisləşdi, əlləri, ayaqları şişirdi. Müayinələrə apardıq, məlum oldu ki, yaşadığı sarsıntıdan ürəyində ciddi fəsadlar yaranıb. Vəziyyəti getdikcə lap ağırlaşdı. Ramilin 40 mərasimindən 10 gün sonra atam da vəfat etdi. Dağ boyda igid itirən atanın ürəyi bu dərdə dözmədi. Bununla dərdimiz daha da artdı, daha da böyüdü”.
Ramal Musayev deyir ki, qardaşının döyüş yoldaşları onun müharibə dövründə necə qəhrəmanlıqlar nümayiş etdirdiyindən danışıb: “Onlar döyüşlər barədə çox danışmasalar da, Ramilin qəhrəmanlıqlarını bizə çatdırıblar. Düşməni necə ağır itkilərə məruz qoyduğunu, qəhrəmancasına, qorxmayaraq irəlilədiyini və xeyli sayda düşməni məhv etdiyini deyirlər. Yoldaşları danışırdılar ki, Murovda olanda gecə hava çox şaxtalı olub, hamısının üstlərində xeyli silah-sursat. Görüblər ki, Ramil soyuqdan donmamaq üçün idman edir, yoldaşlarına da idman hərəkətləri etmələrini tapşırır. Ümumiyyətlə, qardaşımın idmana xüsusi həvəsi olub, məşğul da olurdu. Onunla, uşaqlığımızla bağlı elə gözəl xatirələrim var ki... Həmişə birgə futbol oynayardıq. Yadıma gəlir ki, ata-anam qohumlarımızgilə qonaq gedəndə evdə ikimiz qalırdıq. Ramil gedib tez anamın corab yığdığı torbadan bir neçə corabı iç-içə keçirib top düzəldərdi. Mənə də məcbur edib deyərdi ki, dur xalçanın qabağında, guya qapıdı, 11 metrdən vuracağam, oynayaq. Elə ki ata-anamın evə qayıtdığını eşidirdik, qaça-qaç düşürdü, xəlvət corabları aparıb yerinə qoyurduq. Həmin vaxtlarda qardaşımla çox əylənərdik. Xidmətdən məzuniyyətə gələndə həmin günləri xatırlayıb, xeyli gülərdik. Gözəl günlər idi...”.
Ramal Musayev qardaşının gələcəklə bağlı həyata keçməyən arzularını bölüşür: “İstəyirdi xoşbəxt ailəsi olsun. İşi ilə əlaqədar evə gec-gec gəlirdi. Daim təlimlərdə, paradlarda olurdu. Şəhid olmamışdan 6 ay qabaq ailə qurdu. Müharibə başlamazdan öncə uşağı olacağı xəbərini alıb, xeyli sevindik. Ata-anam da xeyir dua verdi. Nə biləydik bu sevincimiz bir neçə aydan sonra boğazımızda düyün olacaq. Şəhid olan günə kimi övladının qız, ya oğlan olacağını bilmədi. O, əsl ata, ailə başçısı olmaq istəyirdi. Şəhid olandan bir neçə ay sonra oğlu dünyaya gəldi. Təəssüf ki, övladını görmədi. Xəstəxanadan çıxanda övladı atasının qəbrini ziyarət elədi. Həmin dəhşətli mənzərəyə adamın ürəyi parçalanırdı. Kaş ki özü balasını qucağına alardı, xəstəxanadan çıxarardı. Qardaşımın adını yaşatmaq üçün oğlunun adını da Ramil qoyduq. Balaca Ramil atasını görməsə də, onun necə qəhrəman olduğunu biləcək. Onunla fəxr edəcək. İstəyirəm ki, o da atası kimi hörmətli, bütün insani keyfiyyətlərə sahib olsun. Atasının adını həmişə uca tutsun”.
2021-ci il oktyabrın 4-də Ramilin anım günü olub.
Şəhidin qardaşı indi yeganə təsəllilərinin Ramilin övladı olduğunu vurğulayır: “Ailəmizdə ard-arda yaşanan faciələrdən sonra balaca Ramil üzümüzü güldürür. Bizi, xüsusilə də 2 ayın içində həm oğlunu, həm də ömür gün yoldaşını itirən anamı yaşamaq üçün ümidləndirir. Qardaşımdan bizə yadigar qalan şəkillər və körpəsi oldu. Allah qardaşımın timsalında bütün şəhidlərin ruhunu şad etsin”.
P.S. Materialı hazırlayarkən sosial şəbəkələrdə Ramil Musayevlə bağlı digər şəxslərin yazdıqlarını oxumaq üçün kiçik axtarış etdim. Bir xanımın Ramilin fotosuna yazdığı rəy diqqətimi çəkdi.
Xanım rəydə Ramilin şeir yazmasından söz açır və onun şeir dəftərini oxumaq istədiyini qeyd edir.
Ramal Musayevdən bu haqda soruşduqda qardaşının 10 il əvvələ aid şeir dəftərinin olduğunu, lakin ondan cəmi bir neçə vərəq qaldığını deyir.
Həmin vərəqləri görmək üçün fotolarını atmasını xahiş etdim. Fotosu atılan şeir isə cəmi bir bənd idi.
R.Musayev qardaşının bu bəndi təxminən 10 yaşında yazdığını güman edir:
Bu şeiri yazmaqda məqsədim nədir?
İstərdim sadəcə ürək boşalsın,
Mənim də oğlum əsgərdir deyə,
Qoy, əziz anamın başı ucalsın ...
Sən şəhidliyinlə həm ananın başını, həm də şanlı bayrağını uca etdin!
Ruhun şad olsun, Ramil Musayev!