"Azərbaycan ərazisində hərbi əməliyyatların səbəbkarı kimi Ermənistan dəymiş zərərə görə məsuliyyətə cəlb ediləcək".
Bunu “Report”a politoloq Tofiq Abbasov bildirib.
Ekspert qeyd edib ki, erməni vandalizmi təkcə regionun tarixi-mədəni irsinə deyil, həm də ekoloji mühitinə təsir göstərib. Bu baxımdan, Azərbaycan məsələni həll etmək üçün bütün hüquqi mexanizmlərə malikdir.
“Erməni radikalları hələ də hesab edirlər ki, keçmişə qayıtmaq mümkündür, amma artıq bu, mümkün deyil. Prezident İlham Əliyev hər şey edir ki, Qarabağa həyat qayıtsın, region minalardan təmizlənsin, insanlar öz doğma yurd-yuvalarına qayıtsınlar. Yeni layihələrin əsası qoyulur, yeni kommunikasiyalar qurulur, infrastruktur layihələri uğurla həyata keçirilir. Bu, keçmişə qayıtmağın mümkün olmadığı ilə bağlı təkcə Ermənistana deyil, bütün beynəlxalq ictimaiyyətə xəbərdarlıqdır”, - T.Abbasov deyib və əlavə edib ki, ermənilər təxribatları davam etdirsələr, layiqli cavablarını alacaqlar.
Ekspert qeyd edib ki, zərərin ödənilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən tənzimlənən mexanizm və modellər, təzminat anlayışı mövcuddur.
“Bütün gələcək addımlarımızı tam və normalara uyğun qaydada işləyib hazırlamaq və müharibə səbəbkarını məsuliyyətə cəlb etmək üçün kifayət qədər fiziki və hüquqi qüvvəyə, həmçinin hüquqi mexanizmlərə malikik. Çox şey rəsmi İrəvanın özünü necə apacağından asılıdır. Hələlik o, heç cür xarici havadarlarından azad ola bilmir. Ermənistan faktiki olaraq, öz subyektivliyini itirərək coğrafi kateqoriyaya çevrilib. Onlar mehriban qonşuluq siyasətinə gələ biləcəklərini bütün qonşularına sübut etməlidirlər”, - T. Abbasov vurğulayıb.
Politoloq onu da qeyd edib ki, regionun bərpası üçün aparılan bütün yenidənqurma işləri turizmin inkişafı üçün geniş imkanlar yaradır.