Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində Cənubi Qafqazda 3+3 formatına da münasibət bildirib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir.
Prezident İlham Əliyev qeyd edib ki, burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir.