Bu gün Talış və Suqovuşan kəndlərinin erməni işğalından azad edilməsinin bir ili tamam olur. Ötən il sentyabrın 27-də Azərbaycan ordusunun ermənilərin Tərtər istiqamətində hücumunun qarşısını aldıqdan sonra əks-hücum əməliyyatları zamanı iki kənd düşmən işğalından azad edilib. İlk günlərdə ciddi müqavimət göstərməyə çalışan ermənilər əsgərlərimizin həmləsi qarşısında davam gətirə bilməyib. Bu cür əsgərlərimizdən biri də Suqovuşan istiqamətində ermənilərin atdığı artilleriya mərmisinin partlaması nəticəsinə ayağının birini itirən Zahir Ağayevdir.
Vətən müharibəsinin qazisi 1 il sonra yaralandığı yeri ziyarət edib və təəssüratlarını "Report"un Qarabağ bürosuna danışıb.
Zahir Ağayev həmin istiqamətdə şəhid olan döyüşçü yoldaşları üçün üzüldüyünü dilə gətirib. Həmin gün onların yaralanmasına səbəb olan mərminin qalıqları hələ də hadisə yerində qalır.
Qəhrəmanımız deyir ki, indi bu yerlərə o tək özünün deyil, ərazilərimizin azad olunması yolunda canını fəda edən şəhidlərimizin gözü ilə baxır.
Qazi yaralandığı yeri ziyarət etdikdən sonra burada şəhid olan əsgər yoldaşlarının xatirəsini yad edərək partlayış yerinə gül qoyub.