Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının növbəti ildönümüdür.
“Report” xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 29 il ötür.
Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyani ərazilərdə yerləşən və eləcə də cəbhəyani ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.
Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.
Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.
Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:
№ | A.S.A | Doğum tarixi | Yaşı |
Azyaşlı uşaqlar | |||
1 | Hümbətov Elçin Vəzir oğlu | 1980 | 12 yaş |
2 | Hümbətov Bəxtiyar Vəzir oğlu | 1982 | 10 yaş |
3 | Hümbətov İsmayıl Vəzir oğlu | 1984 | 8 yaş |
4 | Hümbətov Nəvadi Vəzir oğlu | 1986 | 6 yaş |
5 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
6 | Hümbətov Canpolad Vəzir oğlu | 1992 | 6 ay |
Qadınlar | |||
1 | Abdullayeva Səadət Abdulla qızı | 1973 | 19 yaş |
2 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
3 | Mehdiyeva Ayna Hümbət qızı | 1967 | 25 yaş |
4 | Mehdiyeva Bəyim Aydın qızı | 1959 | 33 yaş |
5 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
6 | Mehdiyeva Süraya Məhəmməd qızı | 1956 | 36 yaş |
7 | Kalbalıyeva Nubar Muradxan qızı | 1952 | 40 yaş |
8 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
9 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |
10 | Alməmmədova Zeynəb Şəmil qızı | 1972 | 20 yaş |
11 | Alməmmədova Kəmalə Şəmil qızı | 1976 | 16 yaş |
12 | Hümbətova Hürzaman Qara qızı | 1959 | 33 yaş |
13 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
Qocalar | |||
1 | Abdullayev Abdulla Bədəl oğlu | 1934 | 58 yaş |
2 | Mehdiyev Hümbət Əbulqasım oğlu | 1930 | 62 yaş |
3 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
4 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
5 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
6 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |