Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Qubadlı rayonuna mediatur təşkil olunub.
“Report”un Qubadlıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə xallı farel balıqları çaya buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, çəkisi 30-50 qram olan 1 000 ədəd körpə balıq çay hövzəsinə buraxılıb: "Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycanın “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses işğaldan azad olunan ərazilərdəki çaylarda həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".
Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.