"Azərbaycanın öz gələcəyini yenidən müəyyən etdiyi bir dövrdə BMT-nin ölkəni dayanıqlı inkişafa aparan yolda dəstəkləməyə daim hazır olduğunu bir daha vurğulamaq istərdim".
Bu fikirlər BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzainin “Report” üçün yazdığı “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” adlı məqaləsində öz əksini tapıb.
O məqaləsində bildirib ki, BMT-nin çoxsaylı qurumlarının böyük ekspert təcrübəsi milli inkişaf prioritetlərinin yerinə yetirilməsində, həmçinin planın icrası üçün maliyyə analizinin aparılması kimi işlərdə hökumətin səylərini dəstəkləyir:
"Bizim təşkilat strategiyanın icrası üçün milli və yerli səviyyədə müxtəlif tərəflərin effektiv iştirakını təmin edən platforma rolunu da oynaya bilər. Bundan əlavə, BMT Avropa İttifaqı və Dünya Bankı ilə sıx tərəfdaşlıq edərək, çox sayda azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmalarını mümkün edəcək “Bərpa və Sülh quruculuğu İşlərinin Qiymətləndirilməsi”ni (BSİQ) aparmaqla, müvafiq sahələrdə ölkəyə kömək etməyə hazırdır".