Respondentlərin 93,7 %-i hərbçilərin təltif olunmasını müsbət qiymətləndirib

Respondentlərin 93,7 %-i hərbçilərin təltif olunmasını müsbət qiymətləndirib Sosial Tədqiqatlar Mərkəzi (STM) Vətən müharibəsi iştirakçılarının təltifi və sosial təminatları ilə bağlı qəbul edilən qərarlara vətəndaşların münasibətini öyrənmək üçün rəy sorğusu keçirib.
Qarabağ
24 Dekabr , 2020 15:54
Respondentlərin 93,7 %-i hərbçilərin təltif olunmasını müsbət qiymətləndirib

Sosial Tədqiqatlar Mərkəzi (STM) Vətən müharibəsi iştirakçılarının təltifi və sosial təminatları ilə bağlı qəbul edilən qərarlara vətəndaşların münasibətini öyrənmək üçün rəy sorğusu keçirib.

“Report” xəbər verir ki, sorğunun nəticələrini dekabrın 24-də keçirdiyi mətbuat konfransında mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc açıqlayıb.

Respondentlərin mütləq əksəriyyəti 93,7 %-i (84,9 %- “çox yaxşı”, 8,8 %-i isə “əsasən yaxşı”) müharibədə göstərdikləri xidmətlərə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirib. Maraqlı məqam ondan ibarətdir ki, respondentlərin 5,6 %-nin təltifər ilə bağlı məlumatlı olmadığını bəyan etməsidir.

Müvafiq tarixi günlərin qəbul edilməsi ilə bağlı qərara isə münasibət respondentlərin mütləq çoxluğu tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 27 sentyabrın Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olduğunu bəyan edənlər respondentlər rəyi öyrənilənlərin 96,7 %-ni, “8 Noyabr”ın “Qələbə günü” kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 % civarındadır.

Şəhid ailələri və müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması və dövlət qayğısının təmini istiqamətində müəyyən edilmiş müavinətlərə münasibətə gəldikdə isə rəyi öyrənilənlərin 64,2 %-i müxtəlif dərəcələrdə müsbət yanaşma sərgiləmişdir (46,2 %-i “çox yaxşı”, 18 %-i isə “əsasən yaxşı”). Buna baxmayaraq 16,4 %-lik bir respondent seqmenti (9,2 % “əsasən pis”, 7,2 % “çox pis”) əks mövqe sərgiləmişdir.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, sözügedən məsələ ilə bağlı məlumatsız olduğunu qeyd edən respondentlər ümumi rəyi öyrənilənlərin 17,5 %-ni təşkil edir.

Qeyd edək ki, sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.

Sorğuda təsadüfi üsulla seçilən 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.

Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.

Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub.

Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8 %, əminlik dərəcəsi 95 %-dir.

Son xəbərlər

Orphus sistemi