“Sağ qalmış bütün Xocalı sakinləri doğma yurdlarına qayıtdıqda, əllərindən alınmış olan geri qaytarıldıqda, öz qohumlarının qəbirlərini ziyarət edə bildikdə Xocalıya ədalət qismən bərqərar olacaq”.
Bu barədə “Report”a müsahibəsində litvalı hərbi jurnalist Riçardas Lapaytis bildirib.
“Nə qədər ki, bunlar baş verməyib, biz bu ədalət üçün mübarizə aparmalıyıq”, - o bildirib.
Litvalı jurnalistin fikrincə, hazırda Xocalı sakinlərinin əsas ehtiyac duyduğu onların tək olmadığını, müxtəlif millətlərdən və dinlərdən olan şəxslərin onları dəstəklədiyini bilmələridir: “Başlarına gələn dəhşətin təkcə onları deyil, bütün dünyanı narahat etdiyini bilmək, beynəlxalq dəstəyi hiss etmək vacibdir. Bundan başqa, bütün qarabağlı məcburi köçkünlər kimi Xocalı sakinlərinin də öz doğma yurdlarına qayıtması da vacibdir. Bir hərbi jurnalist kimi bu 30 ili daim onlarla olmuşam. Hər zaman Xocalı haqqında ədaləti danışmışam. Mən öz borcumu yerinə yetirirəm və yetirməkdə davam edəcəyəm”.
O, bu faciəyə reaksiya verməmiş beynəlxalq ictimaiyyətin laqeydliyindən heyrətləndiyini bildirib: “Bu gün, ilk növbədə, bunun əvvəlcədən planlaşdırılmış hadisə olduğunu demək lazımdır. Bu faciədə həmin vaxt Xankəndində dislokasiya olunmuş, əksər praporşikləri və zabitləri erməni olan peşəkar 366-cı alay iştirak etmişdi. Erməni millətçilərin təsiri altında olan alay Azərbaycan şəhərlərini və kəndlərini atəşə tutmaqla pul qazanırdı. 366-cı alayın 3-cü batalyonun komandiri Yevgeni Nabokix isə özü də bu qətliamda iştirak etmişdi. Bu hərəkətləri ilə onlar göstərmək istəyirdilər ki, heç bir sülh müqaviləsi ola bilməz, qadınlar, uşaqlar, qocalar daxil olmaqla dinc sakinləri belə öldürməyə hazırdırlar”.
Xatirələrini bölüşən jurnalist həmin günün ən amansız nümunəsini seçməkdə çətinlik çəkdiyini əlavə edib: “Bu faciə şəxsən mənim bütün həyatımda böyük iz qoydu və həyatımı dəyişdi. Günümüzdə bu cür hadisələr baş verirsə, milliyyətindən və dini etiqadından asılı olmayaraq, bu, heç kəsi narahat etməyə bilməz. Xocalı sakinləri zorakılıqla qətlə yetirilib. Onlar sadəcə gülləboran edilməyib. Onları təqib edir, öldürür, qulaqlarını, burunlarını, barmaqlarını kəsir, baş dərisi soyulur, qadın və qızlar zorlanırdı. Hətta elə hallar olmuşdu ki, hələ sağ ikən insanların baş dərisi soyulmuşdu. Məhkəmə-tibbi ekspertizalar bunu təsdiq edir”.
“Uşaqların hansı amansızlıqla qətlə yetirilməsi məni xüsusilə heyrətə gətirdi. Bəzilərinin üzərində həm güllə, həm bıçaq yaraları, həm də müəyyən yanıq izləri var idi. Mən sonradan bu yanıq izlərinin nədən əmələ gəldiyini anladım. Onlar bəşəriyyətə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün əsədləri bir yerə yığır və yandırırdılar. Hətta yanan Xocalı şəhəri tərk edə bilməmiş, zirzəmilərdə gizlənmiş, təxminən, 150-200 nəfəri də diri-diri yandırmağa çalışmışdılar. Çoxlarını yerindəcə öldürür, əsir götürür və ya diri-diri yandırmaq üçün üzərilərinə benzin tökürdülər”, - R.Lapaytis deyib.
O, hazırda erməni siyasətçilərin və millətçilərin həmin vaxt guya sərbəst dəhlizin saxlanıldığı ilə bağlı sözlərini xatırladıb: “Həqiqətən sərbəst dəhliz verilmiş olsaydı, insanlar 5 saata Ağdama çata bilərdilər. Sərbəst dəhliz olsaydı, bu qədər insan həlak olardı?”
Litvalı hərbi jurnalist Xocalı faciəsi haqqında çəkilmiş “Sonsuz dəhliz” filmi haqqında da bir neçə kəlmə deyib. 14 ölkədən olan beynəlmiləl qrupun çəkmiş olduğu bu filmin rejissoru Aleksandras Brokasdır.
“Film mənim gündəliklərim əsasında lentə alınıb. Orada mən özüm də qəhrəmanlardan biriyəm. Filmdəki qəhrəmanların hər birinin hekayəsi çox ağır, dəhşətli və unikaldır. Biz - hərbi jurnalistlərin gördükləri, onların yaşamış olduqları ilə müqayisədə heç nədir. Filmi dünyanın 100-dən çox ölkəsində yarım milyarddan çox tamaşaçı izləyib. Məlum olduğu kimi film bir çox beynəlxalq kino festivallarında çoxsaylı mükafatlar qazanıb”, - o fikrini tamamlayıb.