Latın Amerikası ölkələrindən olan bir qrup əcnəbi jurnalist Gəncəyə gələrək burada ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın dinc şəhərə endirdiyi raket zərbələrinin nəticələri ilə tanış olub.
“Report” xəbər verir ki, Meksika, Braziliya və Kolumbiyadan olan jurnalistlər keçən ilin oktyabr ayında Gəncənin 26 sakininin, o cümlədən uşaq və körpələrin ölümünə səbəb olan raket zərbələri endirilən yerdə olublar.
Onlara ermənilərin dinc şəhərə hücumunun dağıdıcı nəticələri barədə məlumat verilib.
Braziliyalı jurnalist Fabiana Ceyhan hadisəni əsl faciə və erməni tərəfinin təxribatı adlandırıb: “Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Şəhər Qarabağdakı döyüşlərdən çox uzaqda yerləşir. İnsanlar öz həyatlarını yaşayırdılar və bir anda həyatları elə öz evlərində başa çatdı. Bu, çox kədərlidir, əsl faciədir”.
Kolumbiyalı jurnalist Roberto Trobaxo isə dağıntıları görən zaman göz yaşlarını saxlaya bilməyib.
“Səfər zamanı gördüklərimdən məni ən çox Gəncədə baş verənlər sarsıtdı. Çünki hücum gecə vaxtı dinc şəhərə qarşı edilmişdi. Qurbanlar arasında çox sayda kiçik uşaq var. Onlar gecə yatarkən ölüblər. Bu, əsl vəhşilikdir, qəddarlıqdır. Bəlkə Tanrı belə şeyi bağışlayar, amma mən bir insan olaraq belə cinayəti, insanlığa qarşı gerçək cinayəti bağışlaya bilmərəm”, - R.Trobaxo bildirib.