"Qarabağla bağlı məlum razılaşma bütövlükdə ardıcıllıqla həyata keçirilir".
“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
“Rusiyanın Qarabağ bölgəsində qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq, sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik səyləri göstərdiyi artıq qeyd olunub. Biz ATƏT-in Minsk qrupu tərəfindən əldə edilmiş başlıca razılaşmalara əməl etməyə çalışırdıq”, - Rusiya lideri deyib.
O, noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan da danışıb: “Bu sənədin ardıcıl şəkildə həyata keçirilməsi mühümdür. Təmas xətti boyu yerləşdirilən Rusiya sülhməramlıları yeni gərginliyə yol verməmək üçün əllərindən gələni edirlər”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsində hamımıza yaxın olan MDB üzv ölkələri - Azərbaycan və Ermənistanın cəlb olunduğu silahlı qarşıdurmaya görə hamımız həyəcan keçirirdik: "Çox sayda insan tələfatına səbəb olan döyüş əməliyyatları Cənubi Qafqazdakı, onsuz da, mürəkkəb olan vəziyyəti daha da kəskinləşdirdi, terrorçuluq təhlükəsinin daha da yayılması ehtimalını artırdı”.