“Avropanın Dağlıq Qarabağ münaqişəsinin həllində moderator və vasitəçi rolu uğurlu olmadı”.
“Report” xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılması qeyri-sabitlik qövsünün qırılması deməkdir: “Hamıya məlumdur ki, bu bölgə həmişə çox sayda geosiyasi oyunçunun olduğu nöqtədir. Onlardan bəziləri sülh istəmirdi”.
İ.Korotçenko qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən dörd qətnaməsinin olmasına baxmayaraq, münaqişə təxminən 30 il ərzində həll edilməmiş qalıb və yalnız ədalətli müharibədən sonra Azərbaycan işğal olunmuş ərazilərini azad etməyi bacarıb.
“Bəs ermənilər bu dövrdə nə ediblər? Resursları mənimsəyiblər. Özlərindən sonra bir dənə də olsun, bina saxlamayıblar, sanki atom partlayışı olub. Saxladıqları yalnız minalanmış sahələrdir”, - rusiyalı ekspert bildirib.