Reza Deqati: “Haqq sözünü demək üçün canımı qoymuşam”

Reza Deqati: “Haqq sözünü demək üçün canımı qoymuşam” "Məni qatarda gizlətdilər və nəticədə Bakıya gəldim"
Qarabağ
16 Fevral , 2021 17:02
Reza Deqati: “Haqq sözünü demək üçün canımı qoymuşam”

Heydər Əliyev Mərkəzində məşhur fotoqraf Reza Deqatinin Azərbaycan KİV-nin nümayəndələri ilə görüşü baş tutub.

“Report” xəbər verir ki, görüş zamanı fotoqraf nə üçün fotoqraf olmağa qərar verdiyindən danışıb.

“Uşaqlıqdan bəri gözəlliyi başqalarına çatdırmaq, onu bölüşmək istəyirdim, amma bunu sözlə ifadə edə bilmirdim, odur ki, hər şeyi fotoaparatın obyektivi vasitəsi ilə çatdıra biləcəyimə qərar verdim”, - Deqati xatırlayır.

O, öz-özünə öyrənən insan kimi bu işə başlayıb, ancaq zaman keçdikcə fotoları “National Geographic” kimi bir sıra tanınmış nəşrlərdə çap olunmağa başlayıb.

Reza Deqati ikisi Azərbaycana həsr olunmuş 33 kitabın müəllifidir və əsərlərinin nümayiş olunduğu 460 sərgi keçirib.

O həmçinin jurnalistlərə 30 illik foto işlərini əks etdirən 6 dəqiqəlik filmi təqdim edib.

Fotoqraf ilk dəfə Azərbaycana 1987-ci ildə gəldiyini, növbəti dəfə isə 1990-cı ilin qanlı 20 yanvar hadisələrindən sonra dəvət edildiyini xatırladıb.

“O zaman viza almaq çox çətin idi. Məni qatarda gizlətdilər və nəticədə Bakıya gəldim, burada şəhərin hər tərəfində dayanan tankları gizlincə çəkməli oldum. Baş verənləri çəkmək üçün müxtəlif hiyləgərliklərə əl atdım və gizli şəkildə çəkilişlər etdim. Bu cür faicəyə, habelə Xocalıdakı soyqırımına laqeyd qalmaq olmaz”, - fotoqraf söyləyib.

“Bütün bu fotoşəkillər Xocalıdakı hadisələrin sübutudur”, - deyən fotoqraf ermənilərin əsir azərbaycanlılara qarşı etdikləri vəhşilikləri kamerasının yaddaşına köçürdüyünü bildirib.

İndi, 30 il sonra fotoqraf 44 günlük Vətən müharibəsi hadisələrini də işıqlandırıb və artıq işğaldan azad edilmiş bir sıra ərazilərdə olub.

“Azərbaycan hərbçilərinin Şuşanı necə qaytardıqları dünya tarixində qalacaq. Onlar tarix yazdılar”. – Deqati vurğulayıb.

“Elə oldu ki, Azərbaycan tarixi ilə əlaqəm var. Müharibə başladığını öyrəndikdən sonra bütün layihələrimi dayandırdım və buraya gəldim. İşğaldan azad olunmuş ərazilərdə hər şəhərdə, hər kənddə gördüyüm hər şeyi fotoşəkillərimlə sənədləşdirməyə çalışıram ki, tarixdə bu torpaqların hansı formada geri qaytarıldığına dair faktlar qalsın. Haqq sözünü deməyə canımı qoymuşam”, - R.Deqati deyib.

Jurnalistlərin sualını cavablandırarkən o, bütün bu illər ərzində daim erməni lobbisinin təzyiqləri ilə qarşılaşdığını və son zamanlar bu təzyiqlərin daha da gücləndiyini etiraf edib.

Son xəbərlər

Orphus sistemi