Şamil Ayrım: "Ermənistanda hazırda acınacaqlı vəziyyət hökm sürür"

Şamil Ayrım: "Ermənistanda hazırda acınacaqlı vəziyyət hökm sürür" “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində Ermənistanın işğal etdiyi torpaqları geri qaytarması ilə mümkündür”.
Qarabağ
16 İyul , 2020 15:15
Şamil Ayrım: Ermənistanda hazırda acınacaqlı vəziyyət hökm sürür
Şamil Ayrım

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində Ermənistanın işğal etdiyi torpaqları geri qaytarması ilə mümkündür”.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım bildirib. 

Onun sözlərinə görə, son günlər iki ölkə sərhədində baş verənlər Ermənistanın dünyanın diqqətini öz üzərinə çəkmək üçün hazırladığı plandır: “Bu təxribat ermənilərin həqiqi kimliklərini ortaya qoymaqla bərabər, onların həyata keçirdiyi ilk mənfur əməl deyil. Ermənilər 1990-cı ildən bu yana Azərbaycanın ərazi bütövlüyünü pozmaqla yüzlərlə mülki vətəndaşı öldürüb. Bu gün isə açıq şəkildə görünən odur ki, ermənilərin bu cəhdi onların boyunu aşmaqdadır. Məlumatlı, təlimatlı və proqramlı şəkildə başlayan bu hücumlarda çox incə məqamlar var. Onlar niyə bu dəfə Tovuzu seçdilər? Azərbaycanın işğal olunmuş torpaqlarından bir qədər uzaq, Bakı-Tiblisi-Qars boru kəmərinin keçdiyi və eyni zamanda Azərbaycanın müdafiə sənayesində xüsusi mövqeyi olan strateji əhəmiyyətli bir mərkəz statusuna sahib Tovuz rayonu heç də əbəs yerə onların hədəfi seçilmədi. Yaxın keçmişə baxaq. Bu il martın 31-də dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirir, beynəlxalq ictimaiyyətin diqqətini üzərinə çəkmək istəyirdi. Həmin bölgədə keçdirdikləri qeyri-qanuni seçkilərlə prezident və millət vəkili seçdilər. Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşa şəhərində qondarma andiçmə mərasimi təşkil etdilər. Ancaq bu seçkilər heç bir beynəlxalq təşkilat tərəfindən tanınmadı. ATƏT-in Minsk Qrupunun üzvləri, Avropa ölkələri bu "seçkilər"in qanunsuz olduğunu və Dağlıq Qarabağdakı separatçı rejimi tanımadıqlarını ifadə etdilər. Həmin vaxt Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığında BMT Baş Assambleyasının COVID-19-a həsr olunacaq xüsusi sessiyasının çağırılması təklifilə çıxış etmişdi. Baş katibin dəvəti ilə 130-dan çox üzv dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi isə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. Təbii ki, bu proseslər erməniləri narahat edirdi. Onlar pandemiya ilə mübarizədə də, heç nə edə bilmədilər. Ermənistan iqtisadiyyatı, sənayesi, tibbi çökmüş vəziyyətdədir". 

Ş.Ayrım deyib ki, Ermənistanda hazırda acınacaqlı vəziyyət hökm sürür və əhali yoxsulluqla mübarizə aparır: “Ermənistan hökuməti xalqı yoxsulluğa sürükləmiş vəziyyətdədir. Paşinyan iqtidara gəldikdən sonra iki ildir xalqın rifahını yüksəldəcəyinə dair yalan vədlər versə də, ölkə əhalisi səfalət içində yaşayır. Bölgədə monoetnik bir dövlət olaraq elə ən böyük müharibəni öz xalqı ilə edir. Əgər Emənistan bölgədə sülhə xidmət etsəydi, indi Azərbaycan və Türkiyənin reallaşdırdığı nəhəng layihələrdə yer almış olacaqdı. Ancaq onlar düşmən mövqeyi seçərək işğalçılıq siyasətini davam etdirirlər. Onların mənfur niyyəti sadəcə qanunlara deyil, insanlığa da ziddir. Təbii ki, qonşuda Azərbaycanı dəstəkləyən Türkiyə var və onlar Naxçıvan üzərindən rəsmi Ankaranı prosesin içinə daxil etməyə çalışırlar. Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar Azərbaycanın yanında olduqlarını bildirdilər. Bu gün 83 milyon əhalisi olan Türkiyə Azərbaycanın arxasında sipər çəkib". 

"Məsələ burasındadır ki, Ermənistan heç vaxt 30 ildir davam edən münaqişənin həllini istəməyib və bu gün də istəmir. Ancaq bunun sonu mütləq olmalıdır. İllərdir öz yurd-yuvalarından didərgin düşən xalq torpaqlarına geri qayıtmalıdır. Mütəmadi olaraq Azərbayanla əlaqədəyik, hələ də sərhəddə atışmaların davam etdiyi xəbərlərini alırıq. Mən hər zaman demişəm ki, Ermənistan qarşımızda olduğu müddətcə yatarkən belə ayıq olmalıyıq. Bütün dünyanın zavallı, aciz bir dövlət olaraq tanıdığı Ermənistanın böyük dərs alması, zənnimcə, çox yaxındır”.

Müxbir: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi