Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərovun anım günüdür.
“Report”un xəbərinə görə, onun şəhid olmasından bir il ötür.
Qeyd edək ki, Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci il Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə təhsil alıb.
Məktəb illərindən öz vətənpərvərliyinə görə yaşıdlarından seçilən O.Əkbərov orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirib, 2004-2005-ci illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölük komandiri vəzifəsində, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləyib. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.
2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. O.Əkbərov 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub, oktyabrın 6-da Biləsuvar şəhərində dəfn edilinb.
O.Əkbərov hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı təltif edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə O.Əkbərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı verilib.
Ailəli idi, iki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!