Şəki rayonunun Çələbi Xan qəsəbəsində Vətən müharibəsinin şəhidi Ətraf Qənimətovun xatirəsinə tikilən şəhid bulağının açılışı olub.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, tədbirdə Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şəki və Laçın rayon İcra Hakimiyyətlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər iki rayon şöbələrinin təmsilçiləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğunu vurğulayıblar.
Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Qənimətov Ətraf Oktay oğlu 1997-ci ilin martın 20-də Şəki rayonu Dəmiryol köçkün qəsəbəsində anadan olub. 2003-cü il Şəki şəhər Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün tikilən tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2014-cü ildə həmin məktəbi bitirib.
Ali təhsilini Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində alıb. 2018-ci ildə həmin univeristeti bitirib və həqiqi hərbi xidmətə gedib.
2019-cu ilin yanvarında hərbi xidmətini başa vurub. Həmin ilin martın 1-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”na qəbul edilib. İyunun 4-də kursu bitirib və leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq ərizə yazaraq oktyabrın 11-də cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Ayın 13-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Düşmənin hücumlarına görə Ətrafın meyitini döyüş meydanından yalnız 17 gün sonra götürmək mümkün olub. O, oktyabrın 30-da Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.