Suqovuşan istiqamətində kommunikasiya xətlərinin yerləşdiyi ərazilərdə bu günə qədər 2 500 ədəd müxtəlif tipli minalar tapılaraq zərərsizləşdirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Suqovuşana mediatur zamanı minaların zərərsizləşdirilməsini müşahidə edən jurnalistlərə Minatəmizləmə Agentliyinin əməkdaşı Şahin Allahverdiyev məlumat verib.
Ş.Allahverdiyev bildirib ki, Suqovuşana mediatur zamanı 3 ədəd TM-62 və 49 ədəd piyada əleyhinə mina partladılaraq zərərsizləşdirilib: "Zərərsizləşdirilən minalar Suqovuşan istiqamətində aparılan təmizlənmə əməliyyatı zamanı tapılan minaların cüzi bir hissəsidir. İlkin olaraq kommunikasiya xətlərinin keçdiyi ərazilərin təmizlənməsi işləri həyata keçirilir. “Suqovuşan 001” mina sahəsi artıq tərəfimizdən təmizlənərək istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazidə yolların çəkilməsini başa çatdırıb. Gördüyünüz kimi, artıq ərazidə hərəkətlilik var. Bundan başqa, “Azərenerji”, “Azərişıq”, “Azərsu” və "Meliorasiya və Su Təsərrüfatı" üçün də sahənin təmizlənməsi əməliyyatları davam etdirilir".
Minatəmizləmə Agentliyinin əməkdaşı əlavə edib ki, minalanmış ərazilərin təmizlənməsinin qarşısını almaq və ya çətinləşdirmək üçün ermənilər müxtəlif aldadıcı vasitələrdən istifadə ediblər: "Talış, Suqovuşan ərazilərində minatəmizləmə əməliyyatlarının aparıldığı zaman bu istiqamətdə ermənilər müxtəlif təyinatlı minalar döşəyiblər. Ərazidən külli miqdarda piyada və tank əleyhinə, eyni zamanda digər partlamamış hərbi sursatlar aşkar olunur. Ərazinin həddindən artıq metalla çirkli olması səbəbindən minaların tapılmasında çətinliklərimiz daha çox olur. Ermənilərin basdırdıqları 15 xətti artıq keçmişik. Burada xüsusi bir baryer formasında, xətlərin aralıq hissələrinə çəkilmiş "Ohanyan xətti" də var" - o bildirib.