Şuşaya uzanan yollar: şükür qovuşdurana - REPORTAJ 

Şuşaya uzanan yollar: şükür qovuşdurana - REPORTAJ  Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımız azadlığına qovuşduqdan sonra abadlaşmağa başlayıb. Bir zamanlar keçmiş cəbhəyanı ərazilərdə tükənən Azərbaycanın magistral yolları artıq Qarabağa və Şərqi Zəngəzura, bununla da ölkəmizin sərhədlərinə
Qarabağ
15 May , 2023 09:35
Şuşaya uzanan yollar: şükür qovuşdurana - REPORTAJ 

Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımız azad edildikdən dərhal sonra abadlaşdırılmağa başlanıldı. Bir zamanlar keçmiş cəbhəyanı ərazilərdə tükənən magistral yollarımız artıq Qarabağa və Şərqi Zəngəzura, bununla da ölkəmizin sərhədlərinə qədər uzanmaqdadır. Xüsusən, bu yolların Qarabağımızın tacı olan Şuşaya da uzanmasının rəmzi mənası var. Şuşa Azərbaycanın haqqı olduğu üçün buraya aparan yolları da haqq yolu adlandırsaq, yanılmarıq.

Elə bizi Şuşaya aparan yollardan biri də Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yoludur. Bu yol başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür. İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən bu yolun uzunluğu 81,7 kilometrdir.

Gələn il bu magistral yolla Azərbaycanın mədəniyyət paytaxtına daha tez çata biləcəyik.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihələr üzrə mühəndisi Əyyub Hüseynov “Report”un əraziyə səfər edən əməkdaşına deyib ki, bu yol vasitəsilə Əhmədbəylidən Şuşaya qədər olan məsafə 20 km qısalıb.

Əyyub Hüseynov
Əyyub Hüseynov

O bildirib ki, yolun ilk 46 km, yəni Tuğ qəsəbəsinə qədər olan hissəsi 6 zolaqlı, 35,7 km olan digər hissəsi isə 4 zolaqlı olaraq inşa ediləcək. Ə.Hüseynovun sözlərinə görə, yolun 1-B kateqoriyalı avtomobil yolu standartlarına uyğun olaraq inşası nəzərdə tutulub:

“Layihə üzrə 128 ədəd boru, 66 ədəd düzbucaqlı boru və 38 ədəd yeraltı keçid, 7 qovşaq və suötürücü borularla yanaşı, digər suların ötürülməsi üçün kanallar, eləcə də digər tikinti-quraşdırma işləri nəzərdə tutulub”.

Mühəndis vurğulayıb ki, ilkin olaraq yolun 66-81,7 km hissəsində əsas işlər başa çatdırılıb:

“Bu hissədə viaduklar, 6 ədəd tunel, suötürücü borular və yol qovşaqları inşa edilib. Hazırda bu hissədə asfalt örtüyü daxil əsas işlər yekunlaşıb. Yəni burada işlərin 85 faizi icra olunub”.

Ə.Hüseynov qeyd edib ki, yolun digər hissələrində isə tikinti-quraşdırma işləri davam etdirilir:

“Yol üzrə ümumilikdə 7 ədəd tunel nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 12,7 km-dir. Birinci tuneldə hazırda qazma-partlatma və qrunt çuxurlarının çıxarılması, eləcə də betonlanma və izolyasiya işləri aparılır. Ümumilikdə, layihə üzrə əsas işlərin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Əsas işlər tamamlandıqdan sonra ərazinin profilə salınması, tikinti meydançasının təmizlənməsi və yol avadanlıqlarının quraşdırılması işlərinə başlanılacaq. Bu layihə üzrə işıqlandırma, havalandırma və yol infrastrukturuna aid digər zəruri işləri aparılacaq. Yolda ümumilikdə üst örtük daxil işlərin tamamlanması 2024-cü ilə nəzərdə tutulub”.

Hər kəsə məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması, bərpası və təkmilləşdirilməsi işləri sürətlə davam etdirilir. Uzun illər düşmən tərəfindən təcrid olunmuş əraziləri Azərbaycanın digər bölgələrinə qovuşduran bu yolların çox böyük əhəmiyyəti var. Ölkəmizin cənubundan şimalına, qərbindən şərqinə qədər uzanan yollar artıq birləşməkdə və birləşdirməkdədir. Üç il əvvəl əlimizin çatmadığı, ünümüzün yetmədiyi Qarabağ və Şərqi Zəngəzuru ancaq xəyallarda canlandıra bilirdik. Bu gün isə artıq bu torpaqlara daha tez çatmaqdan danışırıq. Təbii ki, bütün bunlara Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində nail olmuşuq. Azərbaycan haqq yolundadır və işi də haqq işidir. Bu gün işğaldan azad edilmiş əraziləri birləşdirən bu yollar Bütöv Azərbaycana qədər uzana bilər. Yolumuz açıq olsun!

Son xəbərlər

Orphus sistemi