"Biz ermənilərin mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəyik".
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu İslam Əməkdaşlıq Təskilatı Gənclər Forumunun (İƏT GF) rəhbəri Taha Ayhan Gəncədə jurnalistlərə açıqlamasında bildirib.
"Biz 56 ölkənın və dünyanın müsəlman gəncləri olaraq ermənilərin Gəncədə, Bərdədə və digər yerlərdə mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi istiqamətində apardığı mübarizəni dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik. Azərbaycan torpağı olan Qarabağın da müsəlmanların yaşadığı ərazi olduğunu, bu torpaqların işğaldan necə azad edildiyini dünyaya çatdırmaq borcumuzdur", - o deyib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyətini Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və deputatlar müşayiət ediblər. Onlar Gəncədə erməni terroru nəticəsində dağılmış ərazilərdə olub, dünyasını dəyişən insanların ruhuna hörmət əlaməti olaraq dualar oxuyub, dağılmış ərazilərə qərənfillər düzüblər.