Tofiq Abbasov: "Sülhməramlıların siyasətə cəlb edilməsi yolverilməzdir"

Tofiq Abbasov: "Sülhməramlıların siyasətə cəlb edilməsi yolverilməzdir" Politoloq sülhməramlıların tarazlı və bitərəf fəaliyyət göstərməli olduqlarını vurğulayıb.
Qarabağ
14 Dekabr , 2020 21:05
Tofiq Abbasov: Sülhməramlıların siyasətə cəlb edilməsi yolverilməzdir
Tofiq Abbasov

“Xocavənd rayonunda baş verənlər böyük təəssüf, habelə təəccüb doğurur. Orada qalan erməni quldur dəstələrinin azərbaycanlı hərbçilərə, dinc sakinlərə hücum etdiklərini görürük. Digər tərəfdən, Qarabağdakı Rusiya sülhməramlılarının da davranışı böyük narahatlıq doğurur”.

Bu fikirləri “Report”la söhbəti zamanı politoloq Tofiq Abbasov dilə gətirib.

“Əslində bu sülhməramlılar öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Erməni quldur dəstələrinin həmin o hücumundan dərhal sonra rusiyalı sülhməramlılar müvafiq tədbirlər görərək onların qarşısını almalıdılar. Belə ki, onlar müvəqqəti idarə qurumları ilə təmasdadırlar və qəfildən ortaya çıxan məsələlərə çevik cavab vermək bacarıqlarını nümayiş etdirməlidilər. Lakin erməni yaraqlılarına qarşı lazımi addımlar atmaq əvəzinə, rusiyalı sülhməramlılar daha çox xəritəyə diqqət yetirərək öz fəaliyyət dairəsini genişləndirməyə, bununla da Azərbaycan Ordusunun addımlarını məhdudlaşdırmağa girişdilər. Bununla da öz öhdəliklərinə daban-dabana zidd hərəkətlərə yol verdilər”, - deyən politoloq sülhməramlıların tarazlı və bitərəf fəaliyyət göstərməli olduqlarını vurğulayıb.

“Fikrimcə, Rusiya tərəfi bu məsələdən ən yüksək səviyyədə, yəni Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə yanaşı, məlum birgə bəyanata imza atmış prezident səviyyəsində xəbərdar edilməlidir. Rusiyalı sülhməramlıların qanunsuz hərəkətlərinə lazımi cavab vermək üçün Azərbaycanın əlində hər cür imkanlar və hüquqi baza var. Belə ki, sülhməramlılar artıq siyasətə cəlb olunmağa başlayır, buna yol vermək olmaz. Onlar öz səlahiyyətlərini aşırlar”, - deyən ekspertin qənaətincə, bu hadisələrdə Rusiyada Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə qısqanclıq bəsləyən bəzi dairələrin dəst-xətti sezilir:

“Lakin rəsmi Moskva ilə rəsmi Bakı arasında davamlı, ölçülüb-biçilmiş münasibətlərin olduğunu da bilirik. Ona görə də Rusiyada ayrı-ayrı qüvvələr tərəfindən özbaşınalıq edilərək Ermənistana altdan dəstək vermək, onların işğalçı niyyətlərinə züy tutmaq Rusiyanın Azərbaycanla münasibətlərinə zərər vurur. Bunlara göz yuma bilmərik. Və bütün bu hadisələr ətraflı araşdırılmalıdır”.

Son xəbərlər

Orphus sistemi