"Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq ölkəmizin öz ərazisində apardığı əks-hücum əməliyyatlarının fonunda qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər: "Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir".
"Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq", - T.Gəncəliyev deyib.