Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsinə münasibət bildirib.
“Report” xəbər verir ki, T.Gəncəliyev bununla bağlı 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, qeyd olunan qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib: "Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür”.
İcma sədri deyib ki, Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan və Serj Sarqsyan bilavasitə Xocalıda soyqırımı törətmiş, əlləri qana batmış şəxslərdir: “Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə, Sarqsyan və Koçaryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər. Onlar bu zaman səmimi görünə bilərlər. Yoxsa soyqırımıdan danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür”.