Monitorinq Mərkəzinin fəaliyyətə başlaması İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

Monitorinq Mərkəzinin fəaliyyətə başlaması İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir Bu gün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Qarabağ
30 Yanvar , 2021 14:37
Monitorinq Mərkəzinin fəaliyyətə başlaması İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

Bu gün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

"Report" AZƏRTAC-ın bununla bağlı hazırladığı analitik materialı təqdim edir:

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha bir əyani təzahürüdür.

Birgə Monitorinq Mərkəzi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatın 5-ci bəndinə əsasən yaradılıb. Mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü və dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda yeni geosiyasi reallıq yaradıb. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması da bu reallıq nəticəsində mümkün olub və ölkəmizin maraqlarına tamamilə uyğundur.

Hazırda ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün böyük önəm kəsb edir. Eyni zamanda, prosesdə Rusiya və Türkiyənin birgə iştirakı da olduqca pozitiv amildir və regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.

Bu Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək. Ötən müddət ərzində mərkəzin yaradılması ilə bağlı bütün texniki-təşkilati məsələlər həll edilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu gün açılan Birgə Monitorinq Mərkəzi bütün zəruri avadanlıq və şəraitlə təmin olunub.

Birgə Monitorinq Mərkəzinin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 (Rusiya, Türkiyə və İran + Azərbaycan, Ermənistan və Gürcüstan) əməkdaşlıq formatının reallaşması, kommunikasiyaların açılması baxımından da növbəti uğurlu addımdır.

Son xəbərlər

Orphus sistemi