Ukrayna baş nazirinin müavini Ağdamı ziyarət edib

Ukrayna baş nazirinin müavini Ağdamı ziyarət edib Ukrayna baş nazirinin müavini erməni işğalı zamanı Ağdamda törədilmiş dağıntıların miqyası ilə tanış olub
Qarabağ
14 Aprel , 2021 14:55
Ukrayna baş nazirinin müavini Ağdamı ziyarət edib

Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən reinteqrasiya məsələləri üzrə naziri Oleksi Reznikov Ağdam rayonunda olub.

“Report” xəbər verir ki, səfər çərçivəsində Ukrayna baş nazirinin müavini erməni işğalı zamanı Ağdamda törədilmiş dağıntıların miqyası ilə tanış olub.

Səfər zamanı Ukrayna nümayəndə heyətinin üzvləri qədim Azərbaycan şəhərinin vizit kartı olan Ağdam rayonunda yeganə dağılmamış bina hesab edilə biləcək Cümə məscidini ziyarət ediblər.

Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladovun başçılığı ilə qurumun mütəxəssisləri ilə interaktiv görüş baş tutub.

Humanitar minalardan təmizlənmə məsələsini müzakirə edərkən A.Reznikov ukraynalı mütəxəssislərin Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərini rus minalarından təmizləyərək müntəzəm olaraq "bacarıqlarını artırmaq" məcburiyyətində qaldıqları üçün Ukraynanın bu məsələdə böyük təcrübəyə sahib olduğunu qeyd edib.

Tərəflər ərazilərin partlayıcı maddələrdən təmizlənməsinin bu gün Ukrayna və Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri olduğunu təsdiqləyiblər. Bu baxımdan bu mövzuda praktik təcrübə mübadiləsi aparılması və müvafiq ikitərəfli layihələrdə birgə iştirak barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi